Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə “Naxçıvan Təlim Mərkəzi” PHŞ tərəfindən birgə hazırlanan “Gənclərin Şəxsi İnkişaf Həftəsi” təlim proqramına start verilib. Beş gün davam edəcək proqram gənclərin karyera yüksəlişi, psixoloji inkişafı və müxtəlif bacarıqlara yiyələnməsinə hədəflənib.
Proqramın ilk günü Naxçıvan Teleradio Verilişləri QSC-nin sədr müavini, sədr vəzifələrini icra edən İlhamə Novruzovanın “İlhamlandır və irəli apar!” mövzusunda təlimi ilə başlayıb. Ümumilikdə 30 gəncin iştirakı ilə reallaşan təlimdə komanda tapşırıqları yerinə yetirilib, müəyyən situasiyalarla bağlı simulyasiyalar aparılıb, xüsusi testlərlə iştirakçıların mövzuya baxışı şaxələndirilib. Sessiyanın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, həftə ərzində keçiriləcək digər təlimlər dövlət qurumlarında fəaliyyət göstərən peşəkar və təcrübəli şəxslər tərəfindən aparılacaq. Növbəti günlərdə gənclər Tükəzban Quliyevanın “Karyeranı planlaşdır və gələcəyini inşa et!”, Günay Nəzərovanın “Motivasiya – uğura gedən yol!”, Gülxanım Orucovanın “Layihələrin idarə edilməsi” və Aslan Səfərovun “Sosial şəbəkələr və şəxsi brend: Effektiv start” mövzularında təlimlərində iştirak edəcəklər.